Bu gün qarşıma bir xəbər çıxdı: üç uşaq anası plastik əməliyyatdan sonra həyatını itirib.
Başqa səbəblərlə estetik əməliyyata müraciət edən qadınların seçimini mühakimə etmirəm. Hər kəs öz bədəni ilə bağlı qərar vermək hüququna malikdir. Amma üç, dörd, beş uşaq anası olan qadınların bu qədər böyük riski niyə gözə aldıqlarını düşünəndə məsələni təkcə "gözəllik həvəsi" ilə izah etmək olmur.
Sosial şəbəkələrdə çoxları yazır: "Üç uşaq anası niyə plastik əməliyyat etdirməyə ehtiyac hiss etsin ki?" Əslində problem sualda deyil, görünməyən cavablardadır. Çünki ailələrin pərdəarxası həyatı görünmür.
İnsanların bu dünyada ən böyük ehtiyacı sevgi və diqqətdir. Qadın da istisna deyil.
Ana olmaq qadının bədənini dəyişir. Dəri sallanır, qarın əvvəlki kimi olmur, çəki artır, yorğunluq illərlə yığılır. Təəssüf ki, bəzi kişilər bunu təbii həyat prosesinin nəticəsi kimi qəbul etmək əvəzinə, qadının üzərinə bitməyən tələblər qoyurlar.
"Həm üç uşaq dünyaya gətir, həm fiquran pozulmasın yemək hazır olsun. Paltar ütülü olsun. əmişə baxımlı ol. İdmana da vaxt tap Amma bunların heç biri əlavə xərc də yaratmasın."
Bu, əslində mümkün olmayan bir siyahıdır.
Elə ailələr var ki, kişi həyat yoldaşını dost məclisində çəkinmədən lağa qoyur. "İnək boyda olmusan", "özünə bax" kimi alçaldıcı ifadələri zarafat adı ilə deyir. Amma hər zarafatın altında bir həqiqət, hər sözün arxasında bir yara qalır.
Belə olanda psixoloji olaraq zəif olan qadınların öz bədənləri ilə müharibəsi başlayır. Güzgüyə baxanda artıq özünü deyil, başqalarının iradlarını görür. Elə bilir ki, sevilmək üçün dəyişməlidir, qəbul olunmaq üçün əməliyyat masasına uzanmalıdır.
Əlbəttə, bütün plastik əməliyyatın səbəbini yalnız ailədaxili münasibətlə izah etmək olmaz. Qərara təsir edən müxtəlif amillər var. Amma unutmayaq ki, qadını bəzən əməliyyat otağına aparan ilk addım cərrahın deyil, illərlə eşitdiyi təhqirlərin, müqayisələrin və sevgisizliyin yaratdığı görünməz təzyiq olur.
Bəlkə də qadınlara ən çox lazım olan yeni bir bədən deyil. Onlara ən çox lazım olan, yaşadığı dəyişikliklərə hörmət edən, onları doğduğu uşaqlarla birlikdə sevən və "sən elə də gözəlsən" deməyi bacaran bir həyat yoldaşıdır. Əziz kişilər həyat yoldaşlarınıza dəyər verin.
Günel Qarayeva - "DİA-AZ"





















